ASELSAN liderliyində "Gələcəyin əsgəri" ilə bağlı fəaliyyətlər| Türkiyə böyük gücə çevrilir

ASELSAN liderliyində
1598     13:53     25 05 2022    
Bu günkü dəyişən və şaxələnən təhdidlərə qarşı quru əməliyyatı qüvvələrinin vahid döyüş qabiliyyətinin artırılması bütün müasir orduların başlıca hədəfinə çevrilmişdir.Əsgərin modernləşdirilməsi layihələri aparıcı ordulardan tutmuş müdafiə büdcələrində də əks olunur. Əsgər sistemləri texniki çətinliklərə, özləri ilə bərabər gətirdikləri ağır yükə və böyük həcmli xərclərə baxmayaraq, döyüş meydanlarında sürətlə yayılır və döyüşü idarəetmə sistemləri ilə birlikdə taktiki sahədə informasiya üstünlüyü təmin edir.

NATO-nun LCGDSS (Land Capability Group Dismounted Soldier Systems) qrupu tərkibində 20 ildən artıqdır ki, endirilmiş (dismounted) quru qoşunlarının komanda-nəzarət, ölümcüllük, sağ qalma qabiliyyəti, hərəkətlilik, həyatda qalma, situasiyaya görə məlumatlılıq imkanlarının inkişaf etdirilməsi və birgə hərəkət infrastrukturunun yaradılması üzrə fəal işlər həyata keçirilir. ASELSAN sənaye sahəsinin nümayəndəsi kimi NATO-nun müvafiq araşdırmalarını dəstəkləyir.


Taktiki sahədə endirilmiş əməliyyat qrupları tərəfindən istifadə olunan yeni nəsil silahlar, qoruyucu avadanlıqlar və hərbi paltarlarda, eləcə də C4ISTAR (Command Control Communication Computer Intelligence Survillance Target Acqusition Reconnaissance) üçün istifadə olunan elektron avadanlıqlarda əhəmiyyətli yeniliklər olur. Sistemlər sistemi kimi qəbul edilən "Əsgər sistemləri" sahəsində ASELSAN, CENKER sistemi ilə təmsil olunur.

CENKER sadəlik, adilik və yüksək avtomatlaşdırma meyarları ilə dizayn edilmiş, müasir mobil və geyilə bilən texnologiyaların istifadə edildiyi inteqrasiya olunmuş əsgər sistemidir. CENKER, ağırlıq və erqonomika tarazlığı nəzərə alınmaqla əsgərin hücum jiletinə yerləşdirilmiş sistemdir və ön cəbhədə xidmət edən quru qoşunlarının əməliyyatları üçün lazım olan komanda-nəzarət, informasiya, vəziyyətə görə məlumatlılıq, kəşfiyyat-müşahidə və dost-düşmən izləmə kimi ehtiyacları qarşılayır. Sistem bir sıravi əsgər səviyyəsindən başlamaqla komanda, manqa/cinah, taqım və bölük səviyyəsində də istifadə edilə bilər. Piyada quru qoşunlarının aparıcı heyətinə (əlavə olaraq əmr-komanda silsiləsində səlahiyyət verilən bütün əsgərlərə) xəritə ilə dəstəklənən real vaxt rejimində taktiki vəziyyət ekranları vasitəsilə dost-düşmənin yeri və vəziyyətlərini izləmə, ani kəşfiyyat məlumatlarının paylaşılması, sağlamlıq və döyüş sursatı vəziyyətinin izlənməsi, 3D ərazi təhlili, mesajlaşma, fayl/eskiz/taktiki çertyoj paylaşımı və s. bir çox qabiliyyət imkanı təmin olunur. CENKER; kəşfiyyat-müşahidə, hədəf aşkarlama sistemləri və snayperin aşkarlama sistemindən əldə edilən ani məlumatları paylaşaraq əməliyyatlar sahəsində informasiya üstünlüyü və taktiki üstünlük təmin edir. Taktiki PUA’lardan və ya portativ termal/gecə görmə sistemlərindən əldə edilən canlı videoların paylaşılması ilə əldə edilən vəziyyətə görə məlumatlılıq qabiliyyəti sayəsində əməliyyat sahəsində üstünlük əldə edilir.


CENKER, tam və ya yarım avtonom pilotsuz quru/hava vasitələri ilə inteqrasiyalı şəkildə bu vasitələrin təmin etdiyi döyüş imkanlarını ön cərgələrdəki quru qoşunlarına çatdırır. Bununla birlikdə manevr bölmələrinə yaxın hava dəstəyi təmin edən PUA/hücum helikopterləri və atəş dəstəyi verən minaatanlar/toplar/ haubitsalar kimi görmədən atəş edən silah sistemləri ilə inteqrasiyalı şəkildə işləməklə atəş dəstəyinin koordinasiyası çərçivəsindəki işlərin dəqiq və vaxtında yerinə yetirilməsinə kömək edir.

CENKER yüksək avtomatlaşdırma qabiliyyətinə malik uyğunlaşdırıla bilən platforma kimi işlənib hazırlanmışdır. Sistem; xüsusi tapşırıqlara (məskunlaşmış sahələrdə qısa məsafədən aparılan döyüş əməliyyatları, gecə əməliyyatları, axtarış-xilasetmə, kəşfiyyat-müşahidə, istehkam, tibbi və s.) uyğun olaraq yenilənə bilir, eləcə də tapşırıq üçün nəzərdə tutulmuş portativ/geyilən avadanlıqlara (Pilotsuz Sistemlər, Elektro-Optik qurğular, Barkod / Datamatrix / RFID / NFC oxuyucuları, kabelsiz qurğular və sensorlar kimi) və informasiya sistemlərinə (məlumat və verilənlər bazası, serverlər, informasiya sistemləri) də inteqrasiya edilə bilir. Sistemdə çoxpilləli və tapşırıqlara uyğun olaraq dəyişdirilə bilən təhlükəsizlik siyasətləri tətbiq olunur.


2021-ci ildə Quru Qoşunları Komandanlığının inventarına daxil edilməsi planlaşdırılan sistemin Quru Qoşunları Komandanlığının xüsusi təyinatlı birlikləri başda olmaqla Jandarma Xüsusi Asayiş Komandanlığı (JXAK), Dəniz Piyadaları Amfibiya Briqadası və Xüsusi Qüvvələr Komandanlığının (X.Q.K) istifadəsi və yayılması üçün sahə araşdırmaları davam etdirilir.

CENKER Əsgər Sistemi, birlikdə inteqrasiyalı şəkildə işləyə bildiyi avadanlıq və digər sistemlərlə qabiliyyətlərini artıraraq döyüşən əsgərlərə əlavə imkanlar yaradır.

CENKER Əsgər Sistemi ilk növbədə Quru Qoşunları Komandanlığının "KOCATEPE Döyüş İdarəetmə Sistemi" ilə döyüş meydanında Silahlı Qüvvələrin Korpus səviyyəsindən bir sıravi əsgərə qədər yaratdığı komanda-nəzarət zəncirinin bir halqası kimi xidmət edir. Bunun köməyi ilə ön xətdə döyüşən manqa komandiri üçün əlçatan olan real vaxtlı taktiki vəziyyət xəritəsi vasitəsilə plan, vəzifə, tapşırıq, dost/düşmənin vəziyyəti, canlı kəşfiyyat məlumatları, atəş dəstəyi (zirehli və ya mexanikləşdirilmiş bölmə, yaxın hava dəstəyi və ya minaatan dəstəyi kimi) logistik dəstək ehtiyaclarını qarşılaya bilir və hərbi koordinasiyanı ən yüksək səviyyəyə çatdırır.


Snayperi Aşkarlayan Geyilə Bilən Sistem (SAGBS) taktiki sahədə snayper təhlükəsinə qarşı işlənib hazırlanmış, geyilə bilən akustik sensor sistemidir. Düşmənin atəşinin istiqamətini, mövqeyini və kalibr məlumatlarını müəyyənləşdirən bu sistem əldə etdiyi məlumatları CENKER əsgər sisteminə ötürə bilir. Bunun sayəsində manqada bir sıravi əsgərdən düşmən atıcısı haqqında əldə edilən məlumatlar dərhal digər əsgərlərə ötürülməklə təhlükə xəbərdarlığı edilir və əsgərlərin həyatı xilas edilir.

GEZGİN Elektro Optik sensor sistemi gecə və gündüz tapşırığı şəraitində hədəfin formasını, mövqeyini və məsafəsini müəyyənləşdirə və birbaşa CENKER Əsgər Sisteminə ötürə bilir. Aşkar edilmiş hədəf məlumatları avtomatik olaraq taktiki vəziyyət ekranına əlavə edilir və dərhal hərbi komanda-nəzarət şəbəkəsi vasitəsilə bütün inteqrasiya olunmuş bölmələrə ötürülür. Mümkün atəş dəstəyinə olan ehtiyac haqqında məlumat hədəf məlumatlarının göndərilməsi yolu ilə ən operativ şəkildə müvafiq silah sisteminə ötürülür.

AYA Elektro-Optik Görmə Sistemi gecə və gündüz tapşırığı şəraitində silahın üstündə və ya dəbilqənin üstündə quraşdırılmış termal görmə qabiliyyətini təmin edir və CENKER Əsgər Sistemi ilə inteqrasiyalı şəkildə işləyir. AYA-nın üstündə artırılmış reallıq (Augmented Reality) texnologiyası ilə canlı görüntünün üstünə ikonoqrafik simvollar əlavə edilməklə dost/düşmən mövqeləri, mühüm hərbi elementlər, təchizat məntəqələri, yaralıların təxliyyə nöqtələri kimi məlumatlar təqdim edilir. Bu yolla döyüşən əsgərin situasiya və mövqe üzrə məlumatlılıq səviyyəsi artırılır.


CENKER Əsgər Sistemi; EHKET Proqram Əsaslı Ratsiya infrastrukturundan istifadə edir. Bunun köməyi ilə Tezlik Atlamalı, Şifrələnmiş, yeni nəsil Geniş və ya Dar Zolaqlı Dalğa Formaları (NBWF, WBWF) ilə İP kommunikasiya imkanı təmin edilir. CENKER Əsgər Sistemi həm taktiki hərbi rabitə infrastrukturlarını dəstəkləyir, həm də 4G/LTE/ULAK kimi kommersiya və ictimai mobil rabitə şəbəkələri vasitəsilə ucdan uca şifrələnmiş xidmət göstərir.

CENKER Əsgər Sistemi SAKA mini pilotsuz uçuş aparatı ilə inteqrasiya olunmuş şəkildə işləməklə Axtarış, Müşahidə və Kəşfiyyat məqsədləri üçün canlı video görüntüləri çəkmək və paylaşmaq imkanı əldə edir. Manqa daxilində ehtiyac duyulduğu təqdirdə, açıq/qapalı sahədə, 2 km mənzilli və 25 dəqiqəlik uçuş müddəti təmin edən audio/vizual izləri az olan SAKA mini PUA ilə canlı görüntü xidməti əldə edilə bilir. Bu məlumatlar manqa daxilində CENKER sistemi vasitəsilə paylaşılmaqla düşmənə qarşı taktiki üstünlük təmin edilir.

CENKER-in köməyi ilə gələcəyin pilotsuz quru nəqliyyat vasitələri ilə inteqrasiya olunmuş şəkildə manqa daxilində lazım olan Axtarış, Müşahidə və Atəş Dəstəyi almaq məqsədilə İnsansız Komanda (Unmanned Teaming) qabiliyyəti təmin ediləcək.


Əsgər Sistemləri ilə yanaşı, kommersiya təyinatlı kommunikasiya infrastrukturlarından istifadə edən Mobil Komanda Nəzarət Sistemlərinin də bugünün və gələcəyin təhdidlərinə qarşı həll yolları yaratması nəzərdə tutulur. Bu sahədə ASELSAN GÜVERCİN Sistemi ilə kommersiya şəbəkələrindən istifadə edərək, mərkəzləşdirilmiş və ya yayılmış arxitekturada təhlükəsiz və bir çox istifadəçi strukturları üçün uyğun olan, miqyaslana bilən komanda-nəzarət və məlumat şəbəkəsi həlli təklif edir.

GÜVERCİN terminal blokları sıxılmış Android əməliyyat sisteminə malik ağıllı telefon və proqramları periferiya qurğuları və sensorlardan ibarət sistemdən ibarətdir. Terminal blokları 3G/4G kimi kommersiya təyinatlı və ya ULAK kimi ictimai təyinatlı mobil rabitə şəbəkələrindən istifadə edərək GÜVERCİN-in proqram serverlərinə daxil olur. GÜVERCİN-in server və ya terminal blokları həlləri mərkəzləşdirilmiş və ya yayılmış şəkildə fəaliyyət göstərə bilir. GÜVERCİN həm təkbaşına işləyə, həm də mövcud Komanda-Nəzarət Sistemlərinə təhlükəsizlik uyğunlaşdırma qurğuları vasitəsilə inteqrasiya oluna bilir.

GÜVERCİN video-konfrans, səsli rabitə, məlumat rabitəsi, chat xidmətləri və multimedia mesaj paylaşma xidmətləri təqdim edir.


GÜVERCİN proqram infrastrukturu qeyri-məhdud sayda mobil proqram və imkanların əlavə (plug-in) arxitekturasının köməyi ilə sistemə daxil edilməsini təmin edir. Bu yolla hər cür hava/yol şəraiti, naviqasiya, logistika, ballistika, sağlamlıq, vəziyyət/fəaliyyəti izləmə, məkana əsaslanan xidmətlər (location based services) və uyğun aparat avadanlıq vahidləri və sensorların inteqrasiyası mümkün olur.

Əsgərin xidmət göstəricilərini və döyüş qabiliyyətini artırmağı nəzərdə tutan əsgər sistemləri və bu sistemlərlə inteqrasiyalı şəkildə işləyən elektro-optik, robot və sensor qabiliyyətləri bu gün olduğu kimi, gələcəkdə də döyüş meydanlarında yer alacaq. Döyüş meydanındakı bölmələr arasında kommunikasiya, koordinasiya, sürət, dəqiqlik, effektivlik, səmərəlilik və kəşfiyyat üstünlüyü uğur gətirir. Aktiv Əsgər Sistemləri piyada tapşırıq qrupları üçün vahid döyüş qabiliyyətini yüksəldən güc artırıcı faktor olacaq.

Yaxın gələcəkdə 5G və artırılmış reallıq texnologiyaları sayəsində Əsgər Sistemlərinin komanda-nəzarət sistemləri ilə qarşılıqlı əlaqəsi yeni səviyyəyə çatdırılacaq; taktiki və mərkəzi bulud infrastrukturlarında işləyən süni intellekt və böyük məlumat analizi alqoritmləri ilə dəstəklənərək əsgərin qərar vermə qabiliyyəti artırılacaq. ASELSAN, birlikdə işlədiyi subpodratçı ekosistemi və öz sərmayəsi ilə maliyyələşdirdiyi Ar-Ge layihələri ilə bu məqsəd çərçivəsindəki araşdırmalarını davam etdirir.
Strategyvision.org

Teq: ASELSAN   Türkiyə  


Oxşar məqalələr
Son əlavə olunanlar